Çoxalıbdır Tanrısına ağ olan,
Haqq adamı, haqqa söykən, haqqa sən.
Hər insanın var öz alın yazısı,
Haqq adamı, haqqa söykən, haqqa sən.
Peşimandı öz yolunu azanlar,
Haqqı danıb yalan, böhtan yazanlar,
Saz götürsün el aşığı – ozanlar,
Haqq adamı, haqqa söykən, haqqa sən.
Fərman verdi, at oynatdı fironlar,
Zənn etdilər hökmdardı bir onlar,
Harda qaldı bu dünyanı yoranlar,
Haqq adamı, haqqa söykən, haqqa sən.
Hakim olub, qılınc çəkib fatehlər,
Neçə dəfə qanlar töküb fatehlər,
Hitler kimi diz də çökdü fatehlər,
Haqq adamı, haqqa söykən, haqqa sən.
Allahını tanımayan uduzub,
Tək özünü hakim sayan uduzub,
Cəllad olub qandan doyan uduzub,
Haqq adamı, haqqa söykən, haqqa sən.
Nahaq qana yerikləyən kafirdir,
Qansız, mənəm-mənəm deyən kafirdir,
Cəllad paltarını geyən kafirdir,
Haqq adamı, haqqa söykən, haqqa sən.
Minnətli çörəyi yemə, ayıq ol,
Sirrini kimsəyə demə, ayıq ol,
Əbəs yerə inildəmə, ayıq ol,
Haqq adamı, haqqa söykən, haqqa sən.
Ağır olur ittihamı zamanın,
Köləsidir vallah hamı zamanın,
Yadda qalır izdihamı zamanın,
Haqq adamı, haqqa söykən, haqqa sən.
Öz dərsini hamı alsın dövrandan,
Gör necə yol töküldü qan, axdı qan,
Hər gecənin sonundadır qızıl dan,
Haqq adamı, haqqa söykən, haqqa sən.
İlahinin ətəyindən yapış sən,
Doğru yol seç, ellər desin min əhsən,
Əli Vəkil, ayrı düşmə elindən,
Haqq adamı, haqqa söykən, haqqa sən.
2 avqust 2000