Dilim söz tutmayır yad torpağında,
Bülbültək ötərdim öz Vətənimdə.
Azdır bu diyarın od, torpağında,
Atəş Vətənimdə, köz Vətənimdə.
Qış fəsli neməti borandı, qardı,
Şaxta da, tufan da qəlbinə yardı.
Qürbətdə yaşasam qəlbim susardı,
Gözləyir yolumu yaz, Vətənimdə.
Sanki nə ilhamım, nə təbim olub,
Könlümdə nə rübab, nə də sim olub,
Görən ayrılığı salan kim olub?
Qalıbdır sədəfli saz Vətənimdə.
Niyə üz döndərib nəğmələr məndən?
İlham pərisi də dolanır gendən,
Susar bülbül ayrı düşsə çəməndən,
Dağ olur sinəmdə söz Vətənimdə.
Bəs niyə ürəyim eşitmir məni?
Şiddətli şaxta, qar üşütmür məni,
Yurd-yuva həsrəti tərk etmir məni,
Doymaz gözəllikdən göz Vətənimdə.
AytacIm söyləyir: «Burda qal, baba!
Sən mənə gəlincik, dovşan al, baba,
Getsən də tez qayıt, tezcə gəl, baba» –
Gül açıb hər cığır, iz Vətənimdə.
Məst edir insanı qızılgül ətri,
Xəzər sahilində qərənfil ətri,
Seyr et diyarımı, dərman bil, ətri,
Dolan Vətənimdə, gəz Vətənimdə.
Rusiya. İvanovo şəhəri.
15 dekabr 2000