Bilmirəm

Tutmur dostluğumuz, düzü səninlə,
Beləyəm, özgə cür ola bilmirəm.
Gəl açıq danışaq, qəlbimi dinlə,
Sən deyən pərdədə çala bilmirəm.

Tamam başqa-başqa adamlarıq biz,
Suyumuz bir arxla axmaz heç zaman.
Özgə bir ahənglə vurur qəlbimiz,
Sən öz dünyandansan, mən öz dünyamdan.

Yoldaşlıq etdikcə kəşf etdim səni,
Özgə bir yuvanın quşusan, inan.
İmkanın olarsa eli, Vətəni
Bir qarın çörəfə dərhal satarsan.

Hər yerdə xeyrini güdməkdir peşən,
Heç vaxt qorumazsan arı, qeyrəti.
Ömür keçirirsən daim gülər, şən,
Ucuz satmayaydın barı qeyrəti.

Yox, yox dostluğumuz baş tuta bilməz,
Harda aş, orda baş ola bilmirəm.
Yalançı vədlərin aldada bilməz,
İncimə, qəlbi daş ola bilmirəm.

1983