Bu dünyada namus ilə yaşa sən,
Xidmətinlə şöhrət gətir yaşa, sən,
Ləyaqətlə vur ömrünü başa, sən,
Adını bu Vətən, el unutmasın.
Xəhd elə ki, izin qalsın həyatda,
Dildə gəzən sözün qalsın həyatda,
Kökdəndüşmə sazın qalsın həyatda,
Mizrab unutmasın, tel unutmasın.
Seyrə çıxıb qələmə al dağları,
Vəfalı ol, hey yada sal dağları,
Doyunca gəz, dolan göy yaylaqları,
Yamac unutmasın, çöl unutmasın.
Könüldədir hər arzu da, dilək də,
Gözün olsa bir gözəldə, mələkdə,
Adın elə yazılsın ki, ürəkdə,
Dodaq unutmasın, dil unutmasın.
Ədalətdir bəyəndiyin, seçdiyin,
Gur bulaqdır saf suyundan içdiyin,
Çalış səni sinəsindən keçdiyin
Cığır unutmasın, yol unutmasın.
Səmimi ol dost-tanışla görüşdə,
İştirak et, canla-başla görüşdə,
İllər keçir, yaddan çıxar görüş də,
Kaş səni sıxdığın əl unutmasın.
Bu torpağın hər qarışı müqəddəs,
Mənim üçün dağı, daşı müqəddəs,
Əli Vəkil yurdu bir də dolan, gəz,
Muğan unutmasın, Mil unutmasın.
3 oktyabr 2000