Ey uşaqlıq oylağımda
Baş qaldıran qarçiçəyi.
Gümüşü şehdə yuyulan
Şirin arzular çiçəyi.
Bir ovuc torpaq qaparaq
Qol-qola, əl-ələ verib,
Gəlmisiniz tez çaparaq,
Tale müjdəçi göndərib.
Çiçəklərin ilkisiniz,
Dəcəl martda açırsınız.
Qardan soyuqluq alaraq,
Yazda ətir saçırsınız.
Dərib dəstə tutar qızlar,
Siz əllərdə gəzərsiniz.
Qarçiçəyi – novruzgülü
Yamacları bəzərsiniz.
Gör necə tez açmısınız?
Dözməmisiz bahara tək.
Qibtə edir lalə, nərgiz,
Ey əllərdə gəzən çiçək.
Öz yarına bağışlayır
Qızı qəlbdən sevən oğlan.
Məhəbbəti Günəş sayan,
Yazı qəlbdən sevən oğlan.
Novruzumun novruzgülü,
Xoş ətirli çiçəyimsiz.
Hər il qarlar əriyəndə
Misralardan boylanın siz.
Mart 1996