Azərbaycan od içində

Torpağın od, daşın oddur,
Odlar yurdu, od olmusan.
Məğlubiyyət sənə yaddır,
Sən odlardan doğulmusan.

Mayan oddur, varlığın od,
Vurulmusan atəşə sən.
Zirvələrdə açıb qanad,
Əl elədin Günəşə sən.

Dənizin od, gölün oddur,
Alov yatır bu torpaqda.
Göy səman od, çölün oddur,
Od rəmzidir «Yanar dağ» da.

Neçə ildir öz odunda
Alovlanır, yanırsan hey.
Külə dönüb söz odunda,
Sakit həyat anırsan hey.

Yaxşı bilir bunu hər kəs,
Təmiz adın ad içində.
Qulağıma gçlir bir səs:
«Azərbaycan od içində!»

Od içiində külə dönür,
Kəlbəcərim, Şuşam mənim.
Ağdam, Laçın yanır, sönür,
Dərd çəkməkdir peşəm mənim.

Gəlib keçdi gör neçə il,
Qarabağım oda düşüb.
Topxanada xarı bülbül
Yüz yol, min yol yada düşüb.

Neçə cənnət diyarımı
İtirmişik gör haçandan?
Yadlar talayıb varımı,
Ağı deyir doğma məkan.

Mənəm-mənəm deyən «bəy»lər
Qəfil oda atdı səni.
Sinəsinə döyən «bəy»lər
Düşmənlərə satdı səni.

Başı boşlar başa çıxdı,
Sənə arxa olmadılar.
Hər cəhdimiz boşa çıxdı,
Yox, qeydinə qalmadılar.

Torpaqları itirdikcə
Öz oduna yandın özün.
Tarixə göz yetirdikcə,
Ürəyində qaldı sözün.

Xəyanəti gördükcə sən,
Alovlandın dönə-dönə.
Zəfər andın, sən ey Vətən,
Zəfər andın dönə-dönə.

Hiylələrdən, tələlərdən
Nə üçün baş açammadın?
Xocalım kül oldu birdən,
Öldü neçə uşaq, qadın.

Ötüb keçir aylar, illər,
İnləyirsən od içində.
Yasa batıb çaylar, göylər,
Uf deyirsən od içində.

Dərdlərə sinə gərirsən,
Həsrət odu yaxır səni.
Od-alova çevirirsən
Düşmənlərə nifrətini.

Bu, Zəngilan, bu da Laçın,
Bu, Füzuli, bu, Cəbrayıl.
Qubadlıya yollar açın,
İntiqam al, Ağdam, ayıl!

Yada qalan torpaqların
Eşqi ilə yanmalısan.
Xəyal olan torpaqların
Taleyini taleyin san.

Bax, beləcə neçə ildir
Yanırıq biz od içində.
Nifrətimiz coşğun seldir,
Vətənimiz od içində.

Oda döndü əldə qələm,
Alov oldu mürəkkəbim.
Yox, oddan qorxan deyiləm,
Atəşdəndir sevgim, təbim.

Nə vaxtadək yanacaqsan
Alovlarda, odlarda sən?
Ən müqəddəs bir ocaqsan,
Niyə qaldın bəs darda sən?

Sənin cənnət Qarabağın
Mütləq geri alınacaq.
Yada qalan bağça-bağın
Zəfər marşı çalınacaq.

Sənin odun özünü yox,
Yandıracaq düşmənləri.
Cəsurların, ərlərin çox,
Qandıracaq düşmənləri.

Gərək çatım, doğma diyar,
Harayına, dadına mən.
Narahatdır Kəpəz, Qoşqar,
Yanım, yanım oduna mən.

Odlar yurdu, Ana Vətən,
Şirvan, Muğan od içində!
Gərək zəfər ana Vətən –
Azərbaycan od içində!
Azərbaycan od içində!

28 sentyabr 1997