Bədxah adam

Vicdanı ləkəli doğulur insan,
Əyləncə saymayaq gərək dünyanı.
Qəlblər ağ lövhədir, iz salır zaman,
Doğru duymalıdır ürək dünyanı.

İncilər yazılır insan qəlbinə,
Yaxşılıq hamının amalı olur.
Vahid ad verirlər cahanda sənə,
Görəsən bədxalar niyə doğulur?

Onlar vəzifə də tutur həyatda,
Çox vaxt təqib olur alicənablar.
Vətəndən, millətdən dəm vurur hətta,
İnsan da bu qədər daşqəlbli olar?

Yalan, böhtan sayır həqiqəti o,
Heyrətdən az qalır tutulsun dilim.
Dünyaya, insana məhəbbəti o,
İnkar eyləyirdi, vallah nə bilim?

Hər şeyi ölçürdü öz ürəyiylə,
Şübhəylə yanaşdı doğru sözümə.
Baxışı hiyləydi, gülüşü hiylə,
Niyə təəccüblə baxdı üzümə?

Bəlkə qayə seçib riyakarlığı?
Axı, idarədə «adı», «sanı» var.
Böhtandan yoğrulub bütün varlığı,
Onun nə insafı, nə vicdanı var.

Hər gün ürəyindən çox hisslər keçir,
Təntiyən bir kəsin tutmaz qolundan.
Pislik eləməyi hey ölçür, biçir,
Hamını günahkar sayır bu nadan.

Bədxahlıq dərsini kimdən öyrəndin?
Təqsirkar özünsən, səndədir günah.
Yapış stolundan, nə danış, nə din,
Nə qədər ucalsan bədxahsan, bədxah

1983