Sazımda

Təzənə simlərə toxundu yenə,
Dalğadı, şimşəkdi tellər sazımda!
Yüz hava səsləndi, oxundu yenə,
Açılar bağlanan dillər sazımda!

Babam Dədə Qorqud çalıbdır onu,
Bəlkə şəlalədən alıbdır onu?
Ozanlar dillərə salıbdır onu,
Yaşayır əsrlər, illər sazımda!

Qədimdir, uludur göylərdən enib,
Gah zildə köklənib, gah bəmdə dinib,
Kərəmin əlində alova dönüb,
Min hava çalıbbdır əllər sazımda!

Bu, Qərib, bu, Abbas Tufarqanlıdır,
Nağıllı, dastanlı, yüz ünvanlıdır,
Gah həzin səslənər, gah tufanlıdır,
Dinər şəlalələr, sellər sazımda!

Ana laylasıyla coşar qanımda,
Hopub varlığıma yaşar qanımda,
Kükrəyər, çalxanar, daşar qanımda,
Çalxanar dənizlər, göllər sazımda!

Koroğlu onunla döyüşə girib,
Qılınca, qalxana saz sinə gərib,
Düşübdür bəxtimə, tale göndərib,
Birləşər cığırlar, yollar sazımda!

Ürəyin açılar ələ alanda,
Könül cuşa gələr onu çalanda,
«Cəlili», «Kərəmi», «Dilqəmi» onda,
Tapar keçmişini ellər sazımda!

Sevək canımıztək yaşadaq onu,
Unutmaz bu ellər aşıq oğlunu,
Sazla tərif edək Odlar yurdunu,
Əsməsin havayı yellər sazımda!

Əli Vəkil, sazı ələ al görək,
Göyçəlisən, «Göyçəgülü» çal, görək,
Ələsgəri bir də yada sal görək,
Dil açsın səhralar, çöllər sazımda!

1982