Xanların

Qədəm basan heyran qalar bu yerə,
Yaddan çıxmaz gözəl çağı Xanların!
Gülər gözlərində hər dağ, hər dərə,
Bəhrəlidir bağça-bağı Xanların!

Qismətidir bahar onun, yaz onun,
Aşıb-daşan nemətindən yaz, onun,
Zəfərindən az yazıblar, az onun,
Nəğmə deyir hər bulağı Xanların!

Göy gölünü unutmazsan ölüncə,
Kəpəzə bax, sən bu yerə gəlincə,
Sinəsində gül ətirli, gül incə,
Möcüzədir bu yaylağı Xanların!

Üzüm burda, meyvə burda, bar burda,
Axtarsalar dərdə dərman var burda,
Dilə gələr kaman burda, tar burda,
Yaddan çıxmaz bu növrağı Xanların!

Bağda salxım düzüm-düzüm şirindi,
Üzən deyir bir də üzüm, şirindi,
Üzüm dərən, yoxsa üzüm şirindi?
Səf-səf durub neçə dağı Xanların!

1979