Fikirlərim pərən-pərən olubdur,
Kövrəlmişəm, yenə gözüm dolubdur.
Söz karvanım, axı, harda qalıbdır?
Sanki susuz dəyirmanam mən bu gün.
Necə çəkim bəs bu qədər dərdi mən?
Tez tanıyım namərdi mən, mərdi mən?
Bilsin hamı dərdimənəm, dərdimən,
Sanki susuz dəyirmanam mən bu gün.
Elə bil ki, qaçaq düşüb sözlər də,
Nə od vardı, nə də atəş gözlərdə,
Bəlkə gedib söz axtarım düzlərdə?
Sanki susuz dəyirmanam mən bu gün.
Varım-yoxum sözdür axı, əzəldən,
Söz ürəkdə közdür axı, əzəldən,
İlqarımız düzdür axı, əzəldən,
Sanki susuz dəyirmanam mən bu gün.
Bu hikmətdir, əfsanədir, bilmirəm,
Möcüzədir, yoxsa nədir, bilmirəm,
Məni niyə məyus edir, bilmirəm,
Sanki susuz dəyirmanam mən bu gün.
Axı, mənim hər səhərə borcum var,
Fərəhlənməz, dərdli olar borclular,
Aman Allah, bu qədər də borc olar?
Sanki susuz dəyirmanam mən bu gün.
Su gələn arxdan bir də gələr, ay Əli,
Müşkül işlər tez düzələr, ay Əli,
Nələr olmur, axı, nələr, ay Əli?
Sanki susuz dəyirmanam mən bu gün.
31 avqust 2000