Yenə bağ-bağçanı bəzəmiş bahar,
Bulaq o bulaqdır, çay da o çaydır.
Yaşıl örpəyinə bürünüb çinar,
Gün də həmin gündür, ay həmin aydır.
İlk əhdi-peymanı burda eylədik,
Tərpəndi budaqlar, dindi yarpaqlar.
«Sevirəm» – sözünü burda söylədik,
Şahiddir eşqimə, şahiddir çinar.
Məndən uzaqdadır indi kədər, qəm,
Hamıdan xoşbəxtik, xoşbəxtik bu gün.
Çinarın yanından yalqız keçirəm,
Ürəyim çırpınır o anlar üçün.
Vədi unutmadıq, sevdik könüldən,
Dünən layla çaldı burda çay bizə.
Bu günsə evimə tələsirəm mən,
Yarım layla deyir ilk körpəmizə.
İyun 1984