Bulaq

Xoş gördük, ay bulaq, gəl salamlaşaq,
Çağla ürəyimdən, ax ürəyimdən.
Qayadan süzülək, çaya qovuşaq,
Nəğməyə çevrilsin səsin, zümzümən.

Xəyala dalırsan insan kimi sən,
Kədərli anların, xoş günlərin var.
Gah qəmli axarsan, gah çağlarsan şən,
Könlünü coşdurar ətirli bahar.

Həyatın bəzəyi ellərə vurğun,
Ən gözəl nəğməni bəstələyirsən.
Yaşıl çəmənlərə, çöllərə vurğun,
Şairtək dağlara nəğmə deyirsən.

Bir gözəl içəndə sənin suyundan,
Əksini yadigar saxlamısan sən,
Hardasa susanda günahsız insan,
Ürəkdən qəmlənib ağlamısan sən.

Sirli-soraqlısan illərdən bəri,
Kaş ki, ürəyini duya biləydik.
Vaxtsız qonaq kimi gələn kədəri
Şəffaf sularında yuya biləydik.

Sənin söylədiyin əfsanələri
Qəlbinə əbədi yazdı bu dağlar.
Ötən günlərimiz qayıtmaz geri,
Dinləyir nəğməni sərin yaylaqlar.

Dörd yanın yamyaşıl, əlvan gül-çiçək,
Çağla ürəyimdən doyan deyiləm.
Sən susuz qəlbləri sərinlədəntək,
Mən soyuq qəlbləri isidə billəm.

Avqust 1985