Dünya dumanlıydı yeddi yaşımda,
Mən o uşaqlıqdan qaça bilmədim.
Xəyallar dolaşdı, dindi başımda,
Bağlı qapıları aça bilmədim.
Zirvədə qartalı seyrə daldım mən,
Meylimi dağlara, düzə saldım mən,
Qayadan səsimə cavab aldım mən,
Quşlara qoşulub uça bilmədim.
Torpaq da şumladım, hodaq da oldum,
Arxada dayandım, qabaqda oldum,
Bədxah adamlardan uzaqda oldum,
Çox gizli mətləbi seçə bilmədim.
Dünyada qan axır, dava gedirdi,
Hamı nalə çəkir, fəryad edirdi,
Öləni, qalanı el yad edirdi,
Suyu da doyunca içə bilmədim.
Ata getdi, ana getdi dünyadan,
Bizi ana-ana getdi dünyadan,
Qəmli, yana-yana dünyadan,
Mən onlarla birgə köçə bilmədim.
At oynatdı, hakim oldu yetimlik,
Sevincimi əldən aldı yetimlik,
Bizi ağır dərdə saldı yetimlik,
Sevinc körpüsündən keçə bilmədim.
Keşməkeşli ömür sürübdür Əli,
Bu həyatda nələr görübdür Əli,
Ömrünü sənətə veribdir Əli,
Deyir ki, özgə yol seçə bilmədim.
21 iyul 1999