Ümman dərdi-səri başından aşar,
Əzəldən sərvəti sözdü şairin.
Sözlə nəfəs alar, hikmətlə yaşar,
Xalq ilə ilqarı düzdü şairin.
Vətən qayğısıyla yaşayır hər an,
Sözüylə illəri, zamanı yoran,
Ürək sirdaşıdır müqəddəs Quran,
Qəlbində ayələr yüzdü şairin.
O öz dərdi bilər Vətən dərdini,
Yaşayar hər yoldan ötən dərdini,
Neyləsin könlündə bitən dərdini?
Hər dərd ürəyində közdü şairin.
Qoruyar öz bahar məhəbbətini,
Könlünə iftixar məhəbbətini,
Vətənə, bu elə car məhəbbətini,
Amalı, istəyi yazdı şairin.
Sirrini qəlbində saxlayar bəzən,
Düşməni qəlbində oxlayar bəzən,
Qarabağ dərdindən ağlayar bəzən,
Kim deyir qayğısı azdı şairin?
Xəyalən cəbhədə yaralanar o,
Səngərdə döyüşər, zəfər anar o.
Qəzəbdən, nifrətdən gizli yanar o,
Deməyin ürəyi buzdu şairin.
İttiham eləyir onu hissləri,
Gəlir qulağına nalə səsləri,
Necə məhv eləsin o nakəsləri?
Əsəri tarixdə izdi şairin.
Odur marş yazan da, ağı yazan da,
Sinəyə çəkilən dağı yazan da,
Fərəhli, qüssəli çağı yazan da,
Nə yaxşı ürəyi dözdü şairin?
Nəğmələr qəlbinin şahıdır, şahı,
Tanıyır Quranı, Qadir Allahı,
Bu torpaq həsrəti, bu torpaq ahı
Üzdü ürəyini, üzdü şairin.
19 avqust 1998