Yaşadır məni

Ulu kainata göz açan gündən,
Vətən sevgisindən söz açan gündən,
Duyğular qəlbimdə iz açan gündən
Torpağa məhəbbət yaşadır məni.

Bir dəfə doğulur hərə cahanda,
Övladlıq borcunu verə cahanda,
Kişitək ömrünü sürə cahanda,
Cəsarət, dəyanət yaşadır məni.

Düşmənə baş əyib, diz çökməmişəm,
Yalvarıb-yaxarıb dil tökməmişəm,
İnamdan, düz yoldan əl çəkməmişəm,
Bu vüqar, bu ülfət yaşadır məni.

Bəzən dostlarımdan aralanmışam,
Tənəli sözlərdən yaralanmışam,
Namərdə nifrətdən oda yanmışam,
Xoş arzu, xoş niyyət yaşadır məni.

Qış fəsli şaxtası, qarıyla bəlli,
Xəsislər dövləti, varıyla bəlli,
Aşiqlər vəfalı yarıyla bəlli,
Düz ilqar, sədaqət yaşadır məni.

Vətəndən savayı nəyim var, axı?
Canım-ciyərimdir bu diyar, axı,
Olmaram mən onsuz bəxtiyar, axı,
Bu sevgi, bu hikmət yaşadır məni.

Müqəddəs Məkkədir torpağım, Allah,
Hər düzüm, hər dərəm, hər dağım, Allah,
Yada göz dağıdır bayrağım, Allah,
Qarabağ – bu cənnət yaşadır məni.

Noyabr 1991