Dalğalar

Ürəksiz insan olmaz,
Dalğasız da göy dəniz.
Gecə-gündüz Xəzərin
Vuran qəlbisiniz siz.

Dinclik nədir bilməzsiz,
Narahatsız, narahat.
Alnınıza yazılıb
Belə gün, belə həyat.

Baş vurur qağayılar
köpüklü sinənizə.
Siz ki, yaraşıqsınız
Əzəl gündən dənizə.

Öpüşürsüz küləklə,
Qucursuz sahilləri.
Qayalara yazdınız
Ötüb-keçən illəri.

Bərq vurun günəş altda,
Nə ağsınız, dalğalar.
Göy dənizin şalında
Saçaqsınız, dalğalar!

18 yanvar 1967