Səbr elə

Hələ bəhanə var, məğlubiyyət var,
Səbr elə torpağım, səbr elə bir az.
Nə zəfər inamı, nə xoş niyyət var,
Səbr elə torpağım, səbr elə bir az.

Çoxalıb cibini, xeyrini güdən,
Doymayır gözləri, doymayır gödən,
Kəndlər, şəhərlərdir hey əldən gedən,
Səbr elə torpağım, səbr elə bir az.

Hələ övladların aylmayıbdır
Səsimiz dünyaya yayılmayıbdır,
Qurbanlar, şəhidlər sayılmayıbdır,
Səbr elə torpağım, səbr elə bir az.

Yanılıb düşmənə qardaş demişik,
Əyləşib süfrədə çörək yemişik,
Göz üstə yer verib əzizləmişik,
Səbr elə torpağım, səbr elə bir az.

Su töküb düşmənin dəyirmanına,
Xainlər giriblər mələk donuna,
Satqın var uf demir şəhid qanına,
Səbr elə torpağım, səbr elə bir az.

Vətən ittihamı, el qisası var,
Xalqın intiqamı, il qisası var,
Öndə qələbə var, düşmən yası var,
Səbr elə torpağım, səbr elə bir az.

Aprel 1992