İnsan yer üzünə gəldiyi gündən
İnam da doğuldu, and da yarandı.
Həyatın qədrini bildiyi gündən
Qorudu adını, qorudu andı.
Müqəddəs sayıldı anamız torpaq,
Müqəddəs sayıldı ananın südü.
Ən çətin günlərdə sınaqdan qabaq
And kimi səsləndi ata öyüdü.
Unuda bilmirik ömrümüz boyu
Koroğlu andını, Babək andını.
Qoruyub əslini, qoruyub soyu
Hər kəs yad eləsin gərək andını.
Vətən sevgisinin keişiyində biz
Sayıq dayanmışıq, sayıq durmuşuq.
Torpaq canımızdır, torpaq eşqimiz,
Ona göz dikənə qan uddurmuşuq.
Milli bayrağımız bərq vursun hər an,
Bu Odlar diyarı and yerimizdir.
Kəpəz, Heydərbaba, Səhənd, Savualan,
Şahdağı, Qoşqarı and yerimizdir.
And içib birləşək, yumruğa dönək,
Əbəs xam xəyala düşür namərdlər.
Hərəmiz ən uca bir dağa dönək,
Yolunu azana dərs verir mərdlər.
Odlar övladıyıq, od nəfəsliyik,
Atəşə and içək, oda and içək!
Zəfər ünvanlıyıq, Zərdüşt nəsliyik,
Ən əziz, müqəddəs ada and içək!
1990