Doymayır baxışlarım
Şıltaq dalğalarından,
Saçaq dalğalarından,
Dümağ dalğalarından.
Xəzərim, ay Xəzərim,
Mənim göygöz Xəzərim!
Hüsnünə vurğun kimi
Qoynunda gəzərəm mən.
Qızdırarsan qəlbimi,
Suyunda üzərəm mən.
Aşıb-daşan Xəzərim,
Nəğmə qoşan Xəzərim!
Bakım sənə bəzəkdir,
Sənsə ona yaraşıq.
Mavi suların təmiz,
Qucağında gur işıq.
Sən ey varlı Xəzərim,
Neft daşlarlı Xəzərim!
Bura Odlar yurdudur,
Qəlbində od gizlənib.
Göyün ayı, ulduzu
Qoynuna qonaq gəlib.
Üstündədir nəzərim,
Xəzərim, ay Xəzərim!