Namərd körpüsündən…

Namərd körpüsündən keçmə, – deyiblər,
Aparır aparsın qoy sellər səni.
Namərd şərbət versə içmə, – deyiblər,
Mərddən zəhər al iç, oysun sinəni.

Bədxahın, namərdin hər kəlməsini
Bir batman balla da yemək olmayır.
İçəri çəkərək onlar səsini,
Dünyanı əyləncə, oyuncaq sayır.

Mərdin tənəsi də xoş olur vallah,
Yavan çörəyi də bal dadır onun.
Gəl vermə fürsəti namərdə, allah,
Hər sözü, hər işi saxtadır onun.

Daş da daşıyaram xeyirxahla mən,
Aşaram dağları dumanda, çəndə.
Səfərə çıxmaram bir bədxahla mən,
Xəyanət edəcək imkan düşəndə.

Namərd basdığını kəsər, uf deməz,
Yetər imdadına, dadına mərdlər.
Namərd yaxşılığın qədrini bilməz,
Sadiqdir sözünə, adına mərdlər.

Görürsən illərlə arxalandığın
Üzünə gülürmüş, hiyləgər imiş.
Adını çəkdiyin, insan sandığın
Saxtaymış, yalandan sənə «can» demiş.

Bir tikə çörəyə gəlsə gümanım,
Onu mərdlər ilə bölmək istərəm.
Namərdin əlində olarsa canım,
İmdad diləmədən ölmək istərəm.

Hiylə kök salmasa namərd gözündə,
Nə yarpaq saralar, nə gül solardı.
Namərdlər olmasa buy er uzundə
Ömrümüz daha da gözəl olardı.

1987
Pidsunda