Ya Rəbbim, nə olar, sən özün yetir
Şeiri dərk eləyən, sevən kəsləri.
Əl verib görüşək onlarla bir-bir,
Dinləyək ürəkdən gələn səsləri.
Nə yaxşı dünyada şeiri sevən var,
Nə yaxşı nəğmənin ünvanı ürək.
Tapacaq yerini qəlbdə misralar,
Düşəcək dillərə əzizlənərək.
Sözün də sərrafı, xiridarı var,
Əngözəl nəğməni sevəsən gərək.
Qoşmada məhəbbət, təcnisdə vüqar,
Ölməzdir dünyada nəğməli ürək.
Adam var şeirdir tükənməz varı,
Sevmir nə dövləti, nə də daş-qaşı.
Sözdür hər arzusu, sözdür baharı,
Hikmətdir həyatda könül sirdaşı.
Nə yaxşı, nə yaxşı şeiri sevən var,
Yoxsa yaranmazdı bircə misra da.
Nəğmə ömürlüdür müdrik insanlar,
Sevinci misrada, qəmi misrada.
Şeirimin vurğunu ellərə qurban,
Oxunsun hər yazım, mən də yaradım.
Daim kitab tutan əllərə qurban,
Axı sözlərimdir qolum-qanadım.
Şeirimə könüldən vurulan insan,
Yaman uzadırsan, vallah ömrümü.
Milyonlar üçündür bu gün yaranan,
Alqış et, artırsın Allah ömrümü!
8 avqust 1999