Yenə dağlar üçün qəribsəmişəm,
Ürəyim kamana, telə dönübdür.
Yaylaq havasına dərman demişəm,
Yamaclar gözümdə tülə dönübdür.
Yolumdan saxladı buz bulaq məni,
Lilpar yarpağını sürtdüm üzümə.
Qoynuna səsləyib bu yaylaq məni,
Zirvədə qartallar dəyir özümə.
Üzmərəm torpaqdan bu ağ çiçəyi,
Heyranam nərgizə, kəklikotuna.
Xoş ətir yaydıqca qaymaqçiçəyi,
İllər xəstəsini gətirir cana.
Baş əyib torpağa yenə bənövşə,
Çoban tüğəyinin səsini dinlər.
Uşaqlıq oylağım bu dağ, bu meşə,
Ömürdən keçməyir bu yerdə günlər.
Gümüşü saçını töküb şəlalə,
Həzin nəğməsini zilə çəkibdir.
Quş var yuvasından uçmayıb hələ,
Torağay yamacda daşa səkibdir.
Tanışdır tarlalar, zəmilər mənə,
Hodaqlıq etmişəm bir vaxt o yerdə.
Nələr xatırladır, gör nələr mənə,
Dünənin izi var xatirələrdə.
Gəlir göz önümə cəbhə illəri,
Kərənti çəkərdik, yer şumlayardıq.
Məskən eləmişdik onda çölləri,
Biz də özümüzü kişi sayardıq.
Qəm-kədər gətirən qara kağızlar,
Tarlada sükutla qarşılanardı.
Ana ürəyində yara kağızlar,
Onu oxuyanda dillər yanardı.
Şumlardıq – yamacı, şumlardıq düzü,
Bəzən ilişərdi sal daşa kotan.
Bilməzdik doğrusu, bilməzdik düzü
Necə yıxılırıq boyunduruqdan?
A dağlar, dərələr, eşidin bu gün,
Bir vaxt qoynunuzda çox dolanmışam.
Yağışdan, küləkdən qorunmaq üçün
Bir qaya dibində daldalanmışam.
İldırım gurlayıb, şimşək çaxanda
Mən dördgöz olmuşam, səksənmişəm də.
Çaylar kükrəyəndə, çaylar axanda
Sellərdən qorxaraq durmuşam gendə.
Laylamı çalıbdır ayna bulaqlar,
Heyif o nəğməni duymamışam mən.
Kim deyir danışmır, oxumur dağlar?
Onları seyr edib, doymamışam mən.
Xınalı kəkliyə heyran olmuşam,
Turacın cəhcəi necə gözəldir.
Solan bir çiçəklə mən də solmuşam,
A dağlar, nəğmə de, könlümü güldür.
Nə dağlar qocalıb, nə yalçın qaya,
Saçına dən düşüb dəyişən mənəm.
Beləcə göz açıb onlar dünyaya,
Sevinclə, kədərlə döyüşən mənəm.
Ən gözəl muzeydir bu dağ, bu dərə,
İstərəm hamıya bələdçi olum.
Dolaşım min kərə, gəzim min kərə,
Kaş ki, tez-tez düşə dağlara yolum!
Yenə dağlar üçün qəribsəmişəm,
Ürəyim kamana, telə dönübdür.
Yaylaq havasına dərman demişəm,
Yamaclar gözümdə tülə dönübdür.
1980