Nəğməmi gətirir açılan səhər,
Xeyir-dua verir ona al Günəş.
Səhərlə əkizdir bütün nəğmələr,
Günəşdəndir hər birində od, atəş.
Səhərlər yazıram hər bir şeirimi,
Əzəldən mən buna etmişəm adət.
Gecələr aparır dərdi-sərimi,
Günəşdən doğulur təmiz məhəbbət.
Qaranlıq gecədə yaranan nəğməm,
Səhərlə birlikdə dünyaya gəlir.
Qızıl Günəş anan, nur anan nəğməm,
İnsanın qəlbində sevinir, gülür.
Doğan Günəş nöqtə qoyur onlara,
Salamlayır hər birini qızıl dan.
Bir şeirimi bitirəndə dübara
Təzə nəğməm dilə gəlir astadan.
Hər səhərin öz töhfəsi, öz payı,
Nəğmələr də səhərlər tək əbədi.
Hər şairin ürəyində söz payı,
Döyünəydi kaş ki ürək əbədi.
Yeni nəğmələri gətirsin səhər,
Hər yeni söz Günəşlə bir doğulsun.
Hər dərdi-kədəri itirsin səhər,
Ömürlər qoy uzun, nəğmə var olsun!
Nəğməmi gətirir açılan səhər,
Xeyir-dua verir ona al Günəş.
Səhərlə əkizdir bütün nəğmələr,
Günəşdəndir hər birində od, atəş.
28 avqust 2000