Bir an

Hər günün, hər anın qədrini bilək,
Anlardan yaranır axı ömrümüz.
Sinədə bircə an dayansa ürək,
Necə qoruyarıq deyin, ömrü biz?

Bir anda dünyaya göz açır insan,
Bir anda bir ömür çiçəktək solur.
Anların əliylə iş görür zaman,
Anlar saat olur, anlar gün olur.

Bir anın sevinci sığmır dünyaya,
Bir anın kədəri ümmana dönür.
Bir anda çatırıq ulduza, Aya,
Günəş də üfüqdə bir anda sönür.

İlahi gözələ vurulan oğlan,
«Sevirəm» – sözünü bir anda dedi.
Onu imtahana çəkəndə dövran:
«Əhdimdən dönmərəm cahanda» – dedi.

Ballistik raketlər, atom bombası,
Barmaqlar hardasa sıxsa düyməni.
Dünyanı titrədər atom bombası,
Bu hisslər bir anda sarsıdır məni.

Dünən Naqasaki, Xirosimanı
Br anda yandırıb tarmar etdilər.
Tarixdən silsəydik əgər o anı,
Qana boyanmazdı açılan səhər!

Bir anda yarandı bu misralarım,
Daha nə söyləyim mən an haqqında?
Şeirdir, sənətdir dövlətim, varım,
Zənn etdim söz dedim zaman haqqında!

30 sentyabr 1982
Yurmala