Baharla bir qədəm basır
Ellər dağlara-dağlara.
Gecə-gündüz haray salır
Sellər dağlara-dağlara.
Qar əriyir, çaylar daşır,
Qış köç edib yaldan aşır,
Görün nə gözəl yaraşır
Güllər dağlara-dağlara.
Zirvələrə duman çökür,
Buludlar göz yaşı tökür,
Dönə-dönə sığal çəkir
Yellər dağlara-dağlara.
Şəlalənin xoş avazı,
Aşıqların telli sazı,
Bəxş eləyir güllü yazı
İllər dağlara-dağlara.
Göy yamaclar bir tamaşa,
Kəklik qonar daşdan-daşa,
Əli Vəkil, nəğmə qoşa –
Dillər dağlara-dağlara.