Çörək həyatımızdır,
Biz ona and içmişik
Ölüm-dirim anında.
Çörək bol olan zaman,
Üzümüz də ağ oldu
Xalqımızın yanında.
Dost gələndə önünə
Duz-çörəklə çıxdıq biz.
Əyilmədik, sınmadıq,
Çörək ilə ölçüldü
Gücümüz, qüdrətimiz!
Oğul nankor olanda,
Ata məzəmmət etdi –
«Çörəyim tutsun səni!»
Kim itirsə çörəyi,
Elə xəyanət edir,
Demək satır Vətəni!
Onu alın tərilə
Becəribdir babalar.
Halal çörək yolunda
Gülləyə sinə gərib,
Can veribdir, babalar!
Qeyri nə var dünyada,
Çörək kimi müqəddəs!
Qulağımda görəsən,
Bu nə səda, bu nə səs?
«Faşistlərlə vuruşda
Biz ürəyi qoruduq.
Çörək ürəyimizdir –
Biz çörəyi qoruduq».
Çox vaxt onun yolunda
Alovlara düşmüşük.
Bəzən çörək yerinə
Biz odlarda bişmişik!
Tamam həsrət qalmışıq
Təzə çörək ətrinə.
Vətənin dar günündə,
Bilməmişik çörək nə,
Bilməmişik ətri nə?
Əkib-biçib atalar,
Bişiribdir analar!
Gərək çörək yeyənlər
O müqəddəs əlləri,
Anaları analar!
Çörək yaranan zaman,
Ana əli dəyibdir.
Təndirə yapıb ana.
Deyərdim ki, südünü
Əvəz edən neməttək,
Çörəyi tapıb ana!
Ona görə dadlıdı,
İnsan üçün vüqardı,
Bir də ki, qeyrətdi o!
Qoruyaq gözümüztək,
«Sevirəm» – sözümüztək,
Ən gözəl nemətdi o.
Keşiyində ayıq durr,
Basılmayan ordudur –
Həm şandı, şöhrətdi o!
Qədrini bil canıntək,
Ən təmiz vicdanıntək!
Anbarlar dolu olsa,
Düşmənə nifrətdi o!
İnamdı, qeyrətdi o!
Noyabr 1978