Keçmişik oddan

Ağrısı, acısı çıxmayıb yaddan
Ən ağır sınağın, ağır davanın.
Keçmişik alovdan, keçmişik oddan,
Bilmişik qədrini onda hər anın.

Qələbə əlçatmaz bir zirvə idi,
Bu yolda itgimiz yaman çox oldu.
Ordumuz düşmənin üstə yeridi,
Ürəkdə zəfərə inam doğuldu.

Qorudu, yaşatdı o inam bizi,
Boşa çıxmalıydı cəllad niyyəti.
Heç nə sındırmadı iradəmizi,
Taundan qoruduq bəşəriyyəti.

Susmaq mümkündür Qələbə günü?
Sızladır qəlbimi ata niskili.
Bulud bürüsə də göyün üzünü,
Vətən məhəbbəti yaşatdı eli.

Yazılıb, yazılır qələbəmizdən,
Necə yad etməyək şəhidləri biz?
Bu gün kövrəlirik yaş gəlir gözdən,
Heç kəsi unutmur doğma ölkəmiz!

1989