Doğma diyarıma – Göyçə elinə –
İlk bahara – güllü yaza gəlmişəm.
Çəmənlərin, yamacların mən yenə
Güllərini üzə-üzə gəlmişəm.
Haraylayır dərələrdə bulaqlar,
Dərman edə kaş ki dərdə bulaqlar,
Dumandan örpəkli baş-başa dağlar,
Mən onları süzə-süzə gəlmişəm.
Axtarmağa dağda, daşda izimi,
Çəkəmmirəm qartallardan gözümü,
Qayalara sürtəcəyəm üzümü,
Yeni nəğmə yaza-yaza gəlmişəm.
Əli Vəkil ayrılmaz öz elindən,
Doya bilmir mavi Göyçə gölündən,
Söz ovlayım müdriklərin dilindən –
Şən məclisə, telli saza gəlmişəm!
1987