Dünyanı dördəlli tutanlar oldu,
Köçəndə beş arşın bez apardılar.
Xəzinə üstündə yatanlar oldu,
Gözləri doymadı, az apardılar.
Namusdan dəm vurub, ardan danışan,
Duymadı namus nə, ar nədir axı?
Döşünə döyərək yardan danışan,
Dərk edə bilmədi yar nədir axı?
Demədilər dünya ölüm-itimdi,
Var-dövlət yerində qalır, gedirik.
Kimi atalıdır, kimi yetimdi,
Ömür bir havadır çalır, gedirik!
Biri hər addımda yaxşılıq etdi,
Dünyanın varına məhəl qoymadı.
Köçəndə dedilər: – Çox heyif, getdi,
Vətəndən doymadı, eldən doymadı.
Məhəbbət əsiri olanlar da var,
Məcnundan, Kərəmdən dəm vurar hər an.
Axırda tək-tənha qalanlar da var,
Heç vaxt bağışlamır onları dövran.
Dayı köməyinə arxalananlar
Təkansız bir addım ata bilmədi.
Özgə kölgəsində yaşaı onlar,
Büdrədi mənzilə çata bilmədi.
Mənəm-mənəm deyənlər də az deyil,
Bilmir Vətən dərdi, el dərdi nədir?
Sinəsinə döyənlər də az deyil,
Duymaz fəsil dərdi, il dərdi nədir?
Xalqı üçün, bəşər üçün yaşayan
Əbədi incilər yaratdı getdi.
Qəlbində el dərdi daşıyan insan,
Milyon ürəklərdə boy atdı getdi.
Gəl ayıq ol, öz borcunu duy, könül,
Lazım gəlsə candan keçmək gərəkdir.
Nə dövlətə, nə şöhrətə uy, könül,
Yol seçəndə düzgün seçmək gərəkdir!
Ömrüm, günüm, canım Odlar diyarı,
Keşməkeşli yollar keçdim həyatda.
Sən bəxş etdin mənə eşqi, vüqarı,
Yaşa doldum, kamilləşdim həyatda!
Yurmala
6 oktyabr 1982