Yaz şeirini

Mövzum yoxdur – deyən şair,
Yalandan don geyən şair,
Odlar yurdu doğma ana,
Öz elinə, öz yurduna
Sədaqətdən yaz şeirini,
Ülviyyətdən yaz şeirini.

Addım-addım dolan eli,
Yamacları, dağı, çölü,
Dönə-dönə Göy gölə bax,
Heyran qalıb yaxın, uzaq,
Təbiətdən yaz şeirini,
Həqiqətdən yaz şeirini.

Gözəl olur qışı, yazı,
Cəsur oğlu, qəşəng qızı,
Xalqımızın öz adəti var,
Hər tərəfdə şənlik, mağar,
Məhəbbətdən yaz şeirini,
Bu adətdən yaz şeirini.

Bizəşair xalq , – deyiblər,
Torpağıma baş əyiblər,
Nizamitək düha hanı?
Füzuli gəzir cahanı,
Bu hikmətdən yaz şeirini,
Xoş niyyətdən yaz şeirini.

Dənizim var, göllərim var,
Meşələrim, çöllərim var,
Möcüzədir Şirvan, Muğan,
Möcüzədir Azərbaycan,
Bu cənnətdən yaz şeirini,
Səltənətdən yaz şeirini.

İyun 1988