Gözün aydın olsun, doğma məkanım,
Bu gün öyünməyə sənin haqqın var.
Dahilər yetirib Millim, Muğanım,
Üzeyir səslisən, a qədim diyar.
Necə fəxr etməyim, öyünməyim mən,
Üzeyir yetirən bir torpaqdayam.
Qəlbimdən keçəni necə deyim mən,
Müqəddəs diyarda, pir torpaqdayam.
Şadlan Ağcabədi, şadlan, öyün ki,
Qoynunda doğulub böyük Üzeyir.
Yayın bu xəbəri, yayın, deyin ki,
Ölməz ustad olub böyük Üzeyir.
Necə sakit durum, necə coşmayım,
Məni sehirləyir «Sevgili canan».
Necə şeir yazıb nəğmə qoşmayım,
Dinlə, gör nə deyir «Sevgili canan».
Yerimdə donuram, donuram bu dəm,
Burda ev-muzeyi olacaq onun.
Musiqi dünyası, böyük bir aləm,
Bizə töhfəsidir odlar oğlunun.
Meydana atılan Qoç Koroğludur,
Belə nalə çəkən Arşın malçımı?
Yaddan qisas alan Qoç Koroğludur,
Ortaya mal tökən Arşın malçımı?
Məhəbbətdən gültək solan Leylimi?
Məcnun səhralara düşübdür nədən?
Yalvarır hamıya, verin Leylimi,
Ürəklər sarsılır qəmli səsindən.
Əsli eşqi hey yandırır Kərəmi,
Sərvər isə Gülnazına qovuşur.
Yox keşişin nə mürvəti, kərəmi,
Həsrətlilər öz yarına qovuşur.
Xəyallara, fikrə daldım yerimdə,
Üzeyirdən nəğmə yazmaq çətindir.
Günəşə çevrildi o gözlərimdə,
Nəğməsini duyub yozmaq çətindir.
Bu torpağa alqış dedim, min alqış,
Belə dahi yetiribdir cahanda.
Sənətiylə zirvələrə ucalmış,
Ürəkləri fəth eləmiş bir anda.
Haqqı var başını uca saxlasın,
Gözəl Qarabağın dilbər guşəsi.
Əsli nalə çəksin, Leyli ağlasın,
Uönüllər də qoy dinləsin bu səsi.
Şəlalələr, gur bulaqlar çağladı,
Gördüm onun nəğməsidir dil açan.
Bahar gəldi, dünyanı qucaqladı,
Gördüm onun nəğməsidir gül açan.
O, dalğalı bir ümmandır sahilsiz,
Tanış olun, bilin, budur Üzeyir.
Unutmayın, unutmayın bunu siz,
Musiqinin Kolumbudur Üzeyir!
Ağcabədi.
7 oktyabr 1982