Yaltağın

Dindirsən səsinə əl edib dinər,
Zəhərli dilini bal edib dinər.
Saxta göz yaşını sel edib dinər,
Gözlərdə iz salar gözü yaltağın.

Vicdanı, mənliyi qəpiyə satar,
Xəbis ürəyində min hiylə yatar,
Qurandan don geyər, dosta şər atar,
Bir deyil, beş deyil üzü yaltağın.

Qorxulu mikroblar yaşar qanında,
Qeyrətdən əlamət olmaz canında,
Tülkü qlət eylər onun yanında,
Ondan bda betərdir öz yaltağın.

Kimə işi düşsə başına dönər,
Vətəndən dəm vurar, alışar, sönər,
Yüz yol qürrələnər, yüz yol öyünər,
Heç zaman tükənməz sözü yaltağın.

Mayası yalandan yoğrulub bilin,
Nə bezib, nə dili yorulub, bilin,
Doğruya gözləri kor olub, bilin,
Şər üstə köklənib sazı yaltağın.

Yalandan özünü öysə inanma,
Dil töküb yenə baş əysə inanma,
Yanında döşünə döysə, inanma,
Seçilmir yalanı, düzü yaltağın.

Tayı-bərabəri hanı dünyada?
Haramdan yoğrulub canı dünyada,
Ay Əli, onları tanı dünyada,
Silinməz torpaqdan izi yaltağın.

6 mart 2000