Yardadı,
Mənim gözüm yardadı.
Dildə, damaqda qalır
Yar ləzzəti, yar dadı.
Ala, yar,
Ürəyimi ala yar.
Mənə könül verəndə
Kaş söyləyə: “Al, a yar”.
Yar adı,
Yadda qalar yar adı.
Bir də gördüm həsrətdən
Vurğun könlüm yaradı.
Gül bəsdi,
Topladığın gül bəsdi.
Səni yoldan eyləyən
Eşqə sadiq Gülbəsdi.
Qönçə gül,
Bağda çoxdu qönçə gül.
Təzə-tər gülə bənzər
Gültək açan Qönçəgül.
Gül gəzə,
Yarım bağda gül gəzə.
Bircə dəfə görməklə
Aşiq oldum Gülgəzə.
Əlçimdi,
Yun daranıb əlçimdi.
Yar mənə salam verdi,
Əl isindi, əl çimdi.
Gül bəyaz,
Gül qırmızı, gül bəyaz.
Əhdindən dönən deyil,
Eşqə sadiq Gülbəyaz.
Gül cahana,
Nəzər yetir, gül cahana.
Görənlər heyran olur
Gülərüzlü Gülcahana.
Gül çöhrə,
Yaddan çıxmaz gül çöhrə.
Üzeyirdən yadigar
Qalıb bizə Gülçöhrə.
Gül yaza,
Hədiyyədir gül yaza.
Sevib könül açdım mən
Şirin dilli Gülyaza.
Gül təkin,
Ay qız, çöhrən gül təkin.
Milli Qəhrəman oldu
Əsgərova Gültəkin.
Gül əndam,
Dərd biləndi Güləndam.
Məhəbbətə beşikdi
Yar evində gülən dam.
Gül Nisəni,
De kim sevmir Gülnisəni?
Öz ətrinə qərq eləyib
Əlindəki gül Nisəni.
Yaz gülə,
Könül verdim Yazgülə.
Fəsil dəyişən zaman
Qış ağlaya, yaz gülə.
Gül buta,
Gül qönçədir, gül buta.
Sənə sadiq yar olar,
Gül ətirli Gülbuta.
Gül bahar,
Sadiq yardı Gülbahar.
Əbəs yerə qəmlənmə,
Yenə danış, gül, Bahar.
Gül sabaha,
Töhfə olur gül sabaha.
Sabah elçi gələcək
Eşq ulduzu Gülsabaha.
Gül Sənəm,
Ağıllıdır Gülsənəm.
Yaz gəlib, güllər açıb.
Bir ürəkdən gül, sənəm.
Gül yanağa,
Gül rəng verib gül yanağa.
Tanrım, bir də rast gələydim
Şirin sözlü Gülyanağa.