Səhər

Hər gün söküləndə dan
Ana qızını səslər:
– Nə çox yatdın, ay quzum,
Tez ol, oyan, a Səhər.

Anasının sözünə
Səhər açır gözünü.
Günəşin şəfəqləri
Nurlaşdırır üzünü.

Dinir Səhər astadan:
– Bizi zülmət gecədən
Bu işıqlı səhərə
Kim gətirdi, ana can?

– Mənim ağıllı qızım,
Sönüb gedir gecələr.
Yadında saxla bunu,
Səhər Səhəri sevər.

Sənə Səhər demişik,
Səhər sirdaşın olsun.
Günəş oyatsın səni,
Şəfəq yoldaşın olsun!

8 avqust 1985
Pidsunda