Hava yaman istidir,
Hamı gəlib sahilə.
Elə bil ki, yerində
Donub qalıb Sahilə.
Çimir ata-anası,
Çimir böyük qardaşı.
Balaca qızcığazın
Sahil olub sirdaşı.
Bəhsə girən dalğalar
Hücum çəkir sahilə.
Hamar qumların üstə
Günəş çəkir Sahilə.
Bu, qaşıdır Günəşin,
Bu, gözüdür Günəşin.
Bu da onun burunu,
Bu üzüdür Günəşin.
Gah mavidi, gah aldı,
Gümüşüdü dalğalar.
Qız çəkdiyi günəşi
Silmiş idi dalğalar.
– Dalğaları döy, ana,
Qatar-qatar gəldilər.
Qumun üstə çəkdiyim
Günəşimi sildilər.
– Sən dalğadan incimə,
Dalğalar dil bilməyir.
Dayan desən dayanmır
Gəl, deyəndə gəlməyir.
Çək Günəşi uzaqda,
Dalğa ora gəlməsin.
Qoy sən çəkən Günəşi
Onlar bir də silməsin.
9 avqust 1985