Ana toyuq nə tapsa,
Səsləyir cücələri.
Gəzdirib yemləyir,
Bəsləyir cücələri.
Dənlənirlər həyətdə,
Aysel sayır onları.
Cücələrdən birini
Tuta biləydi barı.
Yeddi cücə sarıdı,
Altı cücə qapqara.
Ana hara yollansa,
Balalar gedir ora.
Durub baxır onlara
Bu balaca qızcığaz.
Anasının yanında
Cücəni tutmaq olmaz.
Aysel tutmaq istədi
Cücələrdən birini.
Ana toyuq bir anda
Qabartdı tüklərini.
Amma birdən istədi
Aysel tutsun cücəni.
Anası dedi: qızım,
Çil toyuq vurar səni.
Canından da çox sevir
Balasını analar.
Anasının yanında
Balaya dəymək olar?
12 avqust 1985
Pidsunda