Erkinin alma ağacı

Babasıgilə
Gəlmişdi Erkin.
Keçən il yayda
Gəzdi dağları,
Doyunca çimdi
Göldə və çayda.
Ağac əkməyi
Öyrətdi ona
Babası İlyas.
– Erkinim, eşit,
Mənə qulaq as.
Gəl bağımızda
Sənin adına
Bir ağac əkək.
Sən get şəhərə,
Burda biz onun
Nazını çəkək.
Alma ağacı
Bar verən zaman
Gəl doyunca ye
Şirin almadan.
Bir il dolaşıb
Keçib o vaxtdan.
Atası ilə
Gəlibdir kəndə
Gülərüz oğlan.
Erkin həvəslə
Deyir, ay baba,
Gəl bağa gedək.
Mənə verdiyin
Barlı ağaca
Tamaşa edək.
Baba və Nəvə
Gəlirlər bağa.
Erkin diqqətlə
Baxır ağaca.
Görür bağçada
Adma ağacı,
Ağacın üstə
Almalar çoxdur.
Babası ona
Bağışladığı
Ağacda isə
Almalar yoxdur.
– Mənə verdiyin
Ağacın, baba,
Alması hanı?
Mən gələnəcən
Bəlkə dəribsiz
Bütün almanı?
– Yox, mənim balam,
Yox, elə deyil.
Sənin ağacın
Bar verəcəkdir
Yalnız gələn il.
İndi nə qədər
İstəsən, oğlum,
Ye almalardan –
Bağın barından.
Bir ildən sonra
Gəlib dərərsən
Qızıl almanı
Öz ağacının
Budaqlarından!
Eşidib bunu
Sevindi Erkin.
Dedi, baba can,
Gələn il bura
Gələrəm erkən.

11 avqust 1985
Pidsunda