Bir nağıl danış,
Dava nağılı,
Baba, sən mənə.
Niyə gəlmişdi
Onda düşmənlər
Bizim Vətənə?
Faşistlər yaman
Qudurmuş idi.
Başçıları da
Adolf Hitlerdi.
İstəyirdilər
Bizim ölkəni
Alsın faşistlər.
Tanklarla, topla,
Təyyarələrlə
Vətənimizə
Hücum etdilər.
Vuruşduq, oğlum,
Silahlanaraq.
Zəfər naminə
Çarpışdıq ancaq.
Dedik yadları
Torpağımızdan
Qovmalıyıq biz.
Gərək yad ələ
Keçməsin heç vaxt
Böyük ölkəmiz.
Vururduq göydə,
Vururduq yerdə.
Qorxu bilməyən
Hünər göstərdik
Biz dənizlərdə.
Döyüş yolumuz
Uzandı dörd il.
O illər isə
El yaddaşından
Silinən deyil.
Qanlı döyüşdə
Dönə-dönə mən
Göstərdim hünər.
Xidmətim üçün
Gör neçə medal,
Orden verdilər.
Qırx beşinci il
Doqquzu mayda
Qurtardı dava.
Elə o vaxtdan
Təmizdir göylər,
Açıqdır hava.
16 avqust 1985
Pidsunda