Bayramdır bu gün –
Zəfər bayramı.
Mayın doqquzu
Şənlik eyləyir,
Sevinir hamı.
Baxın, Gündüzün
Babası yenə
Ordenlərini,
Medallarını
Taxıb döşünə.
Gündüz istəyir
Saya onları.
Görən babası
Haradan alıb
Bu medalları?
Balaca oğlan
Açıb qolunu,
Salır boynuna
Əhməd babanın.
– Xatirə danış,
İştirakçısı
Olmusan axı
Sən də davanın.
Danış, ay baba,
Bu ordenləri,
Bu medalları
Harda alıbsan?
Faşistlər ilə
Döyüşlərdə sən
Zəfər çalıbsan.
– Doğurudur, oğlum,
Bu ordenləri
Düşmənlər ilə
Vuruşan zaman
Veriblər mənə.
Dörd il ərzində
Yüzlərlə dəfə
Döyüş görmüşəm.
Onları necə
Söyləyim sənə?
– İndi hamıya
Deyəcəyəm mən.
Qorxub davada
Babamdan düşmən.
Babam hamıdan
Qoçaqdır, qoçaq.
Ondan qorxaraq
Zalım faşistlər
Vətənimizdən
Düşüblər qaçaq!
17 avqust 1985