Ad

Anası ilə
Dənizkənarı
Parka getmişdi
Aysel və Aytən.
Sahildə bu gün
Adam çox idi,
Nə qədər desən.
Kimsə oğlunu
Səslədi birdən:
– Bura gəl, bala,
Bura gəl, Vüqar.
Bir az o yanda
Yelləncəklər var.
Ana oğlunu
Çağırır yenə.
Aytən diqqətlə
Boylanır bu dəm
Dörd tərəfinə:
– Ay ana, gedib
Deyək biz ona.
Qardaşımın
Adını niyə
Qoyub oğluna?
– Aytənim mənim,
Ad hamınındır,
Unutma bunu.
Bütün analar
Sevir oğlunu.
Haqqımız yoxdur
Biz güldən ağır
Söz deyək ona.
Vüqar adını
Qoy versin hamı
Övladlarına.
Azərbaycanda
Çox olsun Vüqar.
Vüqarlı olsun
Bütün Vüqarlar!

18 avqust 1985
Pidsunda