Biz ayrı düşmüşük bir-birimizdən,
Çağır məni, çağır gəlim, ay gülüm.
Yaman incimisən adicə sözdən,
Çağır məni, çağır gəlim, ay gülüm.
Bu həsrət, intizar dərs oldu bizə,
Yəqin ki, sevgimiz tez gəldi gözə.
Gəlib sənsiz keçən ömrümü bəzə,
Çağır məni, çağır gəlim, ay gülüm.
Axı ayrılığa dözüm gərəkdir,
Sənə məsləhətim, sözüm gərəkdir,
Qoy təzə nəğməni yazım, gərəkdir,
Çağır məni, çağır gəlim, ay gülüm.
Qəlbimdən keçəni duya biləydin,
Həsrətə dözməyib, dönüb gələydin,
Sevincimi, kədərimi böləydin,
Çağır məni, çağır gəlim, ay gülüm.
Ağır keçir indi səniz günlərim,
Hardadı dumansız, çənsiz günlərim?
Başlayıbdır səssiz, ünsüz günlərim,
Çağır məni, çağır gəlim, ay gülüm.
Neyləyirsən mənsiz orda sən indi?
Niyə düşdün axı bizdən gen indi?
Köksümdəki odlu ürək sənindi,
Çağır məni, çağır gəlim, ay gülüm.
Ümidsiz dolanıö gəzmə, amandı,
Gəl Vəkil Əlini üzmə, amandı,
Bezmə eşqimizdən, bezmə, amandı,
Çağır məni, çağır gəlim, ay gülüm.
22 avqust 2002
Rusiya, İvanovo şəhəri