Baxışın üzümə zillənən andan
Elə bil gur işıq saçdı gözlərin.
Hələlik, deyərək ayrılan zaman
Köçdü bəbəyimə, köçdü gözlərin.
Gəzdim yaylaqları, dağlardan aşdım,
Kəsdi yollarımı çən-duman, aşdım.
Azıb meşələrdə yolumu çaşdım,
Doğma cığırları seçdi gözlərin.
Güləndə mən sənin gözünə baxdım,
Məsləhət elədin, sözünə baxdım.
Günəşi andıran üzünə baxdım,
Biçdi qaranlığı, biçdi gözlərin.
Mən yatmadım, gözün yatdı gözümdə,
Bəlkə elə kama satdı gözümdə.
Elə billəm kainatdı gözümdə,
Mənim də gözümü açdı gözlərin.
Əli Vəkil, hər baxışı duyandı,
Arifdir o, deyil naşı, duyandı.
Gözdə nuru, gözdə yaşı duyandı,
Döndü sənə, niyə uçdu gözlərin.
27 avqust 2002