Enişli, yoxuşlu yollardan keçdim,
Bu dolu dünyada, bu boş dünyada,
Neyləyim, şərbət də, ağı da içdim,
Özümə, sözümə sirdaş dünyada.
Gördüm soyanı da, soyulanı da,
Əzab çəkəni də, sayılanı da,
Qəflət yuxusundan ayılanı da,
Bəs necə tablaşsın bu baş dünyada?
Özünə əyandı, nə gördüm, Allah,
Baxaraq köksümü ötürdüm, Allah,
Dağlıq Qarabağı itirdim, Allah,
Üzür ürəyimi təlaş dünyada.
Qatığa qaradır deyən birdimi?
Yalandan döşünə döyən birdimi?
Kasıbın payını yeyən birdimi?
Oğraşı yaşadan oğraş dünyada.
Qeyrətdən dəm vuran nakişilər var,
Qucaqda oturan nakişilər var,
Vətənə tor quran nakişilər var,
Xeyri yox, ha çarpış, dalaş dünyada.
Hər şeyi satan var, şöhrət-şan üçün,
Bir cavab verən yox nahaq qan üçün,
Mərdlər qurban getdi bu məkan üçün,
Qatillə, cəlladla qardaş dünyada.
Satar Vətənini, satar namusu,
Məclisdə şəraba qatar namusu,
Bacarsa itə də atar namusu,
Axtarar geyməyə qumaş dünyada.
Pula sinov gedən nə çox, İlahi,
Hər an fürsət güdən nə çox, İlahi,
Ağlayıb, ah edən nə çox, İlahi,
Tələsmə, yavaş get, yavaş dünyada.
Yazı, pozu neyləyəcək harına?
Arxayındı sərvətinə, varına.
Heç bu sözlər gəlməz onun arına,
Ha bulaş çirkaba, bulaş dünyada.
Anamız Vətəndir, Vətən də ana,
Övladlıq etdikmi, deyin biz ona,
Nə cavab verəyin indi cahana?
Axır gözlərimdən ha yaş dünyada.
Tez apardı Tapdıq Muxtar oğlunu,
Elə gərək, elin bahar oğlunu.
Unutmayır doğma diyar oğlunu,
O qoydu daş üstə bir daş dünyada.
Düşmən tapdağında elin kəndi də,
Dərdə tablaşıram, ay Qorqud Dədə.
Qoy Əli Vəkilin beş-on bəndi də
Yaşasın bu quru, bu yaş dünyada.
4 oktyabr 2002