Tutmursansa təntiyənin əlindən,
Böhtanlar yağırsa zəhər dilindən,
İlham almırsansa doğma elindən,
Belə yaşamağın nə mənası var?
Hərdən sən birinə vurulursansa,
Gəzib bədniyyətlə yorulursansa,
Çaylartək bulanıb, durulursansa,
Belə yaşamağın nə mənası var?
Günahsız insana tor qurursansa,
Ülvi məhəbbətə pəl vurursansa,
Zəlitək qan sorur, qudurursansa,,
Belə yaşamağın nə mənası var?
Nifrət edirlərsə əməllərinə,
Oğlun utanırsa sənin yerinə,
Könül verirsənsə gündə birinə,
Belə yaşamağın nə mənası var?
Uca tutmursansa ata adını,
Səni saymayırsa evin qadını,
Sevə bilmirsənsə öz övladını,
Belə yaşamağın nə mənası var?
Vətən çağıranda gizlənirsənsə,
Darda, çətin anda gizlənirsənsə,
Sən lazım olanda gizlənirsənsə,
Belə yaşamağın nə mənası var?
Əli Vəkil, bu misralar sənindi,
Sözlər xəbərdarlıq, bir eyham idi,
Bu cür insanlara üz tutub dedi,
Belə yaşamağın nə mənası var?
18 iyul 2002