İlk addım

Oğlum Müşfiqə

Həyatda ilk addım atırsan bu gün,
Qəlbimiz bir dağa dönür sevincdən.
«Ay aman, qoymayın yıxılar uşaq»,
Deyib səslənirik anan ilə mən.

Oğlum, fəxr edirik ilk addımınla,
Özün də şadlanıb qürrələnirsən.
Hələ çox keçməyib bircə yaşından,
Hərdən də dil açıb ana deyirsən.

Mətin at qorxmadan addımlarını,
Ar deyil bu günlər yıxılsan da sən.
Arzumdur gələcək həyat yolunda
Heç zaman təntiyib büdrəməyəsən.