Boy atıb böyüdüm sahilində mən,
Sevincim çağladı dalğalarıntək.
Heç zaman doymadım gözəlliyindən,
Eşqinlə sinəmdə çırpındı ürək.
Bəzən yatağında çalxalanırsan,
Günəş də sinəni yalayıb keçir.
Küləklər suyunla öpüşən zaman,
Dalğanı-dalğaya calayıb keçir.
İlhama gələrək aşıq Ələsgər
Göyçə gölü demiş sənin adına.
Daşıb kükrədikcə coşqun ləpələr
Ruh vermiş şairin istedadına.
Sakit gecələrdə ayı, ulduzu
Alaraq qoynuna oynadır suyun.
Göyçənin gözəli, ey dağlar qızı,
Göyün parçasıdır, aynadır suyun.