Kənd həyatı

Yaratmaq eşqilə yaşayan şair,
Sən ilham almağa kəndə gəl barı.
Baharın ətrini duymaq istəsən,
Doyunca gəz, dolan uca dağları.

Salınan küçələr gör nə genişdi
Bəxtəvər ellərin ürəyi kimi.
Hər kəsin qayəsi əməkdi, işdi,
Kaş yaza biləydim gördüklərimi.

Tez ötmə yanından hər yaşı bağın,
Bəlkə şeiriyyatı duya biləsən.
Hörməti böyükdür kənddə qonağın,
Səni qarşılayar hamı gülər, şən.

Coşdurar qəlbləri kənd axşamları,
Yüksələr hər evdən şənlik nəğməsi.
Kökləyər həvəslə neçə gənc tarı,
Şirindir aşığın sazının səsi.

İliç lampaları alışan zaman,
Nura qərq olur yüz-yüz aynabənd.
Adı dildə gəzən neçə qəhrəman,
Bəsləyir qoynunda bizim doğma kənd.

Qəlbində iftixar oyan səhərlər,
Seyr elə ordakı qaynar həyatı.
Çıxaraq yol üstə dayan səhərlər,
Gör nələr yaradır vətən övladı.

Gözəldir, əzizim, bilsən nə qədər,
Sürünün, nazırın çöldən gəlməsi.
Gah insan səslənər, gah qoyun mələr,
Eşidən unutmaz heç vaxt o səsi.

Düşünmə tanışım yoxdur deyərək,
Kimi istəyirsən qona qol ona.
Qonağa bir quzu kəsilsin gərək:
Söyləyər can deyə ağbirçək ana.

Gözəl olur kənddə məhsul bayramı,
Anbarlar taxılla, nemətlə dolur.
Ürəkdən sevinir, şadlanır hamı,
Toy edib evlənmək bir adət olur.

Sənə layla çalar coşqun kənd çayı,
Yuxudan quşların səsi oyadar.
Səfalıdır kəndin payızı, yayı,
Getməz xatirindən ətirli bahar.

Suyundan içdiyin hər sərin bulaq,
Qəlbində əbədi çağlayacaqdır.
Qoynunda gəzdiyin hər dağ, hər oymaq,
İzini yadigar saxlayacaqdır.