Qurultaydan – qurultaya

Xəritədə bənzəyirsən
Qanad çalan qartala sən.
Onun üçün səsin gəlir
Səmalardan, zirvələrdən.
Sənin ilə fəxr edirəm,
Azərbaycan, doğma Vətən!
Sinən üstə ordenlərin,
Hər bucağın cənnət, gülşən.
Əməyimiz şöhrət olub
Neçə günə, neçə aya!
Bir əsrlik yol keçmişik
Qurultaydan – qurultaya!

Üzügülər yaşayırıq
Hər saatı, hər anı biz.
Alqışladıq bu illərdə
Şamamanı, Tərlanı biz,
Bağ-bağata çevirmişik
Şirvanı biz, Muğanı biz!
Meynələrlə bəzəyirik
Hər bucağı, hər yanı biz!
Bir-birindən gözəl keçir
Zəfər dolu illərimiz.
Nələr qurub-yaratmayıb
Əməksevər ellərimiz!
Kəmənd atdıq məcrasına
Sığışmayan neçə çaya!
Şöhrətimiz dastan oldu
Qurultaydan – qurultaya!

Odlar yurdu söylədikcə
Sazımdakı telim gülüb,
Dəli Kürüm nəğmə deyib,
Səfalı Göy gölüm gülüb!
Toy-düyünlə ötüb günlər,
Bəhrəsi bol Millim gülüb.
Məhsulumuz aşıb-daşıb,
Dağım, dərəm, çölüm gülüb!
Keçici al bayraqları
Möhkəm tutan əlim gülüb!
Bu sözləri söylədikcə
Qəlb sevinib, könlüm gülüb!
Qarşımızda döndü muma
Gör neçə dağ, neçə qaya!
Alnıaçıq gəlirik biz
Qurultaydan – qurultaya!

Zəfərlərin salnaməsi
Vərəqlənir bu gün yenə.
Hər sınaqdan, hər yarışdan
Qalib çıxdıq dönə-dönə,
Neft daşları yer üzündə
Bir möcüzə, bir əfsanə!
Seyr etdikcə bu şəhəri
Könül gərək coşa, dinə!
Ana Vətən, övlad kimi
Çox borcluyam bu gün sənə.
Gözlərinlə baxaq gərək
Gələcəyin gözlərinə!
Üzümümüz salxım-salxım,
Pambığımız taya-taya!
Yurdum tamam cənnət olub
Qurultaydan – qurultaya!
Zəfərləri, ordenləri,
Bayraqları gəlməz saya!
Azərbaycan gəlir iri,
Gəlir nəhəng addımlarla
Qurultaydan – qurultaya!

1981