Bərdədə Vətənin azadlığı yolunda yeddi oğul itirmiş ananın heykəli qoyulmuşdur.
Qarşında sükutla baş əydim, ana,
Vətən timsalısan, məğrur, vüqarlı.
Xeyir-dua verdin övladlarına,
Yurdum basılmazdı, el etibarlı.
Sübh çağı qarşında baş əydim, ana,
Babəklər göndərdin döyüşlərə sən.
O zaman uşaqdım, körpəydim, ana,
İndi dərk edirəm nə çəkmiş Vətən!
Kişi qeyrətlisən, dağ ürəklisən,
Yeddi oğul doğub böyütiək hünər.
Süd verdin döşündən igidlərə sən,
Yeddi oğul getdi, yeddi qorxmaz ər.
Yeddi dağ çəkildi sinənə sənin,
Yeddi qara kağız, yeddi bəd xəbər!
Sınaq anlarıydı onda ölkənin,
Onlar sinəsini eylədi sipər!
Yeddi güllə dəydi sənin köksünə,
Heykələ dönməzdin ölsəydin əgər.
Dözdün əzablara, dözdün dar günə,
Mayın doqquzunda güldü diləklər!
İnamla gözlədin zəfər gününü,
Yağıdan qisasın alınmalıydı.
Ümidlə yaşadın sən hər gününü,
Adın tarixlərə salınmalıydı!
Abidən önündə yeddi məzar var,
Yeddi bənd yarandı mənim də şeirim.
Məşələ çevrilib yanır arzular,
Çələngdir, əklildir düşüncələrim!
1982