Günəşsən, ömrümdə nur yayan günəş,
Mən səni bəyənib sevdiyim gündən.
Ay eşqin yolunda parlayan günəş,
Bir canda birləşdik həm sən, həm də mən.
Dünya gözlərimdə böyüdü bir az,
Bütün fəsilləri bahar eylədin.
Lap zildə kökləndi sinəmdəki saz,
Təpəydim, ucaldıb Qoşqar eylədin.
Dəyişdi qəlbimin döyüntüləri,
Özümü hamıdan bəxtiyar sandım.
Belə sevməmişdim anamız yeri,
Möhkəmdir inamım, möhkəmdir andım.
Sevinc dənizində üzürəm tamam,
Gecələr işıqlı səhərə dönmüş.
Eşqini o qədər ülvi sanmışam,
Ulduzlar mənimlə görüşə enmiş.
Ölçüb-biçməliyik hər addımı biz,
Axırda paxıllar baxıb gülməsin.
Bir vursun həmişə ürəklərimiz,
Qoruyaq, eşqimiz gözə gəlməsin!
Dünya gözəlləşib gözümdə mənim,
Dəyişib rəngini, ahəngini də.
Tamam şirinləşib sözüm də mənim,
Bir dünya sayıram, gülüm, səni də.
Adınla bağlıdır söhbətim, sözüm,
Sən məni hələ çox ucaltmalısan.
Eşqim – Göyərçinim, ay iki gözüm,
Əlini qəlbində qocaltmalısan!
1983